ADNSU-da təhsil

 

     Hazırda  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) mütəxəssis və kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin sərəncam və qərarları, Təhsil sahəsində İslahat Proqramı və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir.

 

 

     ADNSU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. Hazırda universitetdə 7 fakültə və 28 kafedra  fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 8415 tələbə, o cümlədən 333 tələbə SABAH qruplarında, 142 tələbə UFAZ-da ali təhsil alır. Bakalavriat səviyyəsində təhsil alan tələbələrdən 7787 nəfər əyani, 583 nəfər qiyabi şöbədədir, 45 nəfər isə akademik məzuniyyətdədir. Magistratura səviyyəsində 1036 tələbə təhsilini davam etdirir, doktorantura səviyyəsində təhsilini isə 1 dekabr 2016-cı il tarixinə 129 nəfər elmi fəaliyyətlə məşğul olur.

 

 

     Hazırda ADNSU-da 606 professor və müəllim heyəti təhsilə cəlb edilib. Onlardan 63 nəfər professor, 355 nəfər dosent, 134 nəfər müəllim, 54 nəfər baş müəllim vəzifələrində çalışır.  

 

    2014-2015-ci tədris ilindən başlayaraq, ADNSU-da təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə SABAH qrupları  yaradılıb. Hazırda SABAH qruplarında 333 nəfər tələbə təhsil alır,  135 müəllim müxtəlif ixtisaslar üzrə müvafiq fənləri müasir metodlarla tədris edir.

Hazırda ADNSU-da Türkiyə, Rusiya, Çin, Türkmənistan, Qazaxıstan, Yunanıstan, Yəmən, Vyetnam, İran, Qazaxıstan, Suriya, ABŞ, böyük Britaniya və digər ölkələrdən 300-dən çox əcnəbi tələbə təhsil alır.

ADNSU-nun 2 tələbəsi Prezident təqaüdü, 3 nəfəri A.Mirzəcanzadə adına təqaüd, 5000-dən çox tələbəsi isə Dövlət təqaüdü alır. Bundan əlavə, universitetdə 2016-cı il noyabr ayından X.Yusizadə adına təqaüd təsis edilib və 2 tələbəyə təqdim olunub.

 

     ADNSU-da 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.Universitetdə tələbələrin auditoriya və laboratoriyalarda əldə etdikləri praktiki  bilik və bacarıqları  möhkəmləndirmək üçün tədris və istehsalat təcrübəsi keçmək imkanları da genişləndirilir. ADNSU-da təhsil alan tələbələr hər il tədris planına və tədris qrafikinə uyğun olaraq müxtəlif  müəssisələrdə tədris və istehsalat təcrübələrində iştirak edirlər. Universitetdə 42 müəssisə ilə istehsalat təcrübəsi üzrə əməkdaşlıq aparılır.  Onlardan əsas baza müəssisələr - SOCAR, Azərkimya İB-nin  “Etilen və polietilen” zavodu, H.Əliyev adına neft emalı zavodu, Geofizika və Geologiya idarəsi ilə sıx əməkdaşlıq olunur.