Həmkarlar İttifaqı

     Azərbaycan Neft və Sənaye Universitetinin (Azİİ) Həmkarlar İttifaqı Komitəsi (HİK) universitetin yarandığı gündən bu günə qədər fəaliyyətini uğurla davam etdirir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  (ADNSU)  bütün fəaliyyəti dövründə HİK-i ali təhsilli mühəndis kadrların hazırlanması işində, onların şəxsiyyət və vətəndaş kimi yetişməsində mühüm rol oynayıb.

 

 

Tarixi:

     Respublikamız müstəqillik qazanana qədər keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi  ADNSU  Həmkarlar İttifaqı Komitəsi də Universitet Partiya Komitəsi, Komsomol Komitəsi və o dövrün digər ictimai təşkilatları ilə birgə  fəaliyyət göstərib. 1994 – cü ilin fevral ayının 24 – də 792 № - li fərmanla Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev müstəqil respublikanın tarixində ilk dəfə olaraq “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. İnsan Hüquqlarının Ümumi Bəyannaməsi, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrinə istinadən hazırlanmış bu qanun Azərbaycan Respublikasında Həmkarlar İttifaqlarının hüquqlarını, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün geniş fəaliyyət təminatlarını müəyyən edib. 1997 – ci ilin aprel ayında qəbul edilmiş “Fərdi əmək müqavilələri (kontraktları) haqqında” və sonra “Kollektiv müqavilə və sazişlər haqqında”, “Məzuniyyətlər haqqında”, “Fərdi əmək mübahisələrinin həlli qaydası haqqında” Azərbaycan Respublikası qanunlarında, eləcə də 1999 – cu ildə təsdiq olunmuş, “Azərbaycan Respublikası Əmək Məcəlləsində” Həmkarlar İttifaqı təşkilatlarının bu sahədə hüquq və vəzifələri daha da genişləndirilib. Əməkdaşların sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsi sahəsində aparılan işlər bütövlükdə Həmkarlar İttifaqı Komitəsi ilə rektorluq arasında bağlanmış Kollektiv Müqavilədə öz əksini tapıb və tərəflər qarşılıqlı öhdəliklər götürüblər.  Kollektiv müqavilənin yerinə yetirilməsi müvafiq bölmə rəhbərlərinin iştirakı ilə ildə iki dəfə Həmkarlar İttifaqı Komitəsi Məclisinin  geniş iclasında müzakirə edilir.

 

     Həmkarlar İttifaqı Komitəsinin qarşısında duran ən vacib məsələlərdən biri əməkdaşların sosial problemlərinin həllidir. Hər il onlarla əməkdaş Həmkarlar İttifaqı xətti ilə keçmiş SSRİ  - nin və xarici ölkələrin istirahət evlərinə və sanatoriyalarına göndərilib, müxtəlif şəhərlərə, tarixi yerlərə ekskursiya etmək üçün səyahətlərə çıxıblar. Universitetin Həmkarlar İttifaqı Komitəsi keçmiş  SSRİ və respublika miqyasında, o cümlədən universitetin özündə hər il keçirilən və beş ildən bir yekun vurulan kollektivlərarası, kadrlararası yarışların, “Ən yaxşı kafedra” uğrunda, “İlin ən yaxşı tədqiqatçısı” və s. müsabiqələrin təşkilatçısı və əksər hallarda qalibi olub.

 

     ADNSU Həmkarlar İttifaqı Komitəsinin qarşısında duran ən vacib məsələlərdən biri əməkdaşların sosial – iqtisadi problemlərinin həllinə köməklik göstərməkdir. 1994 –95 ci illərdən başlayaraq  Həmkarlar İttifaqı Komitəsinin yaxından iştirakı ilə ödənişli əsaslarla oxuyan tələbələrdən daxil olan vəsait hesabına rektorluq tərəfindən əməkdaşlara ilk maddi yardımlar göstərilməyə başlanıb. 1998 – ci ildən isə bu yardımlar hər ay əməkdaşlara verilir. 2001 – ci ilin sentyabr ayından bu günə qədər verilən yardım bir neçə dəfə artıb. Hazırda əməkdaşların tutduğu vəzifə və ya xidmət sahəsində yerinə yetirdiyi işin həcminə görə maddi yardımlar əlavə olunmaqla tarif cədvəlinə uyğun əmək haqqı müəyyənləşdirilib.

     2013- 2016-ci illərdə ADNSU-nun daxili imkanları hesabına verilən aylıq əmək haqqının artırılmasına mütəmadi olaraq dəfələrlə baxılıb. Sonuncu dəfə belə artım 2016-ci ilin əvvəlində olub. Ehtiyacı olan əməkdaşlara fakültə və bölmələrin həmkarlar təşkilatının qərarı ilə  Həmkarlar İttifaqı Komitəsi də öz büdcəsindən mütəmadi olaraq maddi yardımlar göstərir.

     Hər il mütəmadi olaraq kimyəvi maddələrlərin istifadə olunduğu Kimya Texnologiya fakültəsinin rəhbərliyinin, kafedra və şöbələrin nümayəndələrinin, Həmkarlar İttifaqlarının Komitəsinin, əməyin mühafizəsi komissiyasının, əməyin mühafizəsi üzrə ictimai müvəkkillərin və ADNSU-da təhlükəsizlik texnikası üzrə cavabdeh şəxslərin iştirakı ilə birgə geniş toplantı keçirilir.

     Toplantıda iş yerlərində kimyəvi maddələrin istifadəsi və saxlanılması zamanı risklərin minimuma endirilməsi üçün təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilməsinin vacibliyi bu sahəyə cavabdeh əməkdaşların nəzərinə çatdırılır.

     Müxtəlif vaxtlarda  Həmkarlar İttifaqı Komitəsinə professor Rauf Lənbəranski, dosent Namiq Məmmədov, professor Vaqif Kərimov, dosent Adil Bayramov, dosent Nazim Abdullayev, dosent Nuhbaba Şıxıyev(1992-95 ci illərdə sədr əvəzi), dosent Ağasalam Əsədullayev rəhbərlik edib. 2012 – cu ilin may ayında Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə dosent Məzahir Babayev seçilib.

 

Üzvlük və struktur

     ADNSU-nun Həmkarlar İttifaqı Komitəsi öz ətrafında 1292 nəfər əməkdaşı birləşdirir ki ,onlardan professor və müəllim heyəti 606 nəfər, tədris köməkçi heyət 212 nəfər, inzibati hissədə çalışanlar 203 nəfər, təsərrüfat işçiləri 132 nəfər, elmi tədqiqat labaratoriyasının işçiləri 65 nəfər, İKT departamentində işləyənlər 25 nəfər, struktur bölmələrdə 49 nəfər təşkil edir.
Həmkarlar İttifaqı Komitəsi özündə 8 ilk təşkilatı birləşdirir. Hazırda 7 fakültə həmkarlar təşkilatı (fakültələrdə 28 kafedrada ilk həmkarlar təşkilatı), İnzibati hissə, təsərrüfat, elm və struktur bölmələrin həmkarlar təşkilatı , *Neftin , qazın geotexnoloji problemləri və kimya * Elmi Tədqiqat İnstitutu həmkarlar təşkilatı fəaliyyət göstərir. Təşkilatın ali orqanı 5 ildən bir keçirilən hesabat – seçki konfransıdır. Sonuncu XXI konfrans 85 nümayəndənin iştirakı ilə 6 may 2012 – ci il tarixdə keçirilib. Konfransda 23 nəfərdən ibarət Həmkarlar İttifaqı Komitəsinin məclis üzvü, 11 nəfər Rəyasət Heyətinin üzvü və 5 nəfərdən ibarət təftiş komissiyası seçilib.  


 

İstirahət

     1982 –ci ildən Xaçmaz rayonunun ərazisində 2-ci Yalama kəndinin yaxınlığında Xəzər dənizinin sahilində ADNSU-nun “Şəfa” istirahət bazası fəaliyyət göstərir. Hər il yüzlərlə əməkdaş, onların ailə üzvləri və xeyli sayda tələbə bu istirahət bazasında istirahət edir. 2001-ci ildən başlayaraq HİK öz daxili imkanları hesabına hər il may-iyun aylarında İstirahət Bazasında cari təmir işləri aparır. Əməkdaşların müraciətinə əsasən məzuniyyət dövründə Respublikamızın sanatoriya və kurortlarına yollayışlar alınaraq onların istirahəti və müalicələri təşkil edilir. Yollayışlar əsasən Bilgəh, Abşeron, Günəşli, Naftalan, Qala-altı sanatoriyalarına,  Xəzər , Dostluq , Təhsil , İsti su , Viləş, Düma, Yeddi gözəl, Karvan, Qax , Qusar park və. s. istirahət bazalarına verilib. Bundan əlavə istirahət günlərində Respublikamızın regionlarında yerləşən tarixi yerlərə və mənzərəli istirahət güşələrinə avtobusla bir və iki günlük turlar təşkil edilib.

     Həmkarlar İttifaqı Komitəsi müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirir. Bunlardan xüsusi olaraq hər il təntənəli şəkildə qeyd edilən “Dünya Azərbaycanlarının həmrəyliyi” və “Yeni il” bayramlarını, “Novruz” bayramını, “Ramazan” bayramını, “Qadınlar günü”nü, “Respublika günü”nü, “Milli Qurtuluş günü”nü göstərmək olar. ADNSU-da Novruz bayramı bütün fakültələrdə fakültə əməkdaşlarının iştirakı ilə çox geniş miqyasda keçirilir. Respublikanın mədəniyyət ocaqlarında göstərilən tamaşa və konsertlərə kütləvi şəkildə baxışlar təşkil edilir.

Yaddaş

     ADNSU tələbələrindən üç nəfər 20 yanvar hadisələrində şəhid olub. Onların üçünün də xatirəsi əbədiləşdirilib, oxuduqları fakültələrin qarşısında barelyefləri asılıb. Bu barelyeflərin ikisini HİK sifariş edib. 1990-cı ildən başlayaraq hər il şəhidlərimizin xatirəsi yüksək səviyyədə yad edilir, onların valideynləri ADNSU-ya dəvət olunur, akt zalında təntənəli iclas keçirilir və ehsan süfrəsi təşkil edilir.